Koronavirus onlayn statistika

Azərbaycan banklarından vətəndaşlara dollarla bağlı müraciət - "Külli miqdarda ziyan...

Azərbaycan Banklar Assosiasiyası 13 mart tarixində mətbuatda valyuta mübadiləsi əməliyyatları və möhtəkirlik halları ilə bağlı yayılmış məlumatlarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasına üzv bankların birgə bəyanatında qeyd olunub.

Müraciətdə bildirilib ki, bank sektorunda çalışmayan bir neçə şəxs qabaqcadan əlbir olub qrup halında Azərbaycan Respublikasının qanunvericiliyinə zidd şəkildə valyuta mübadiləsi fəaliyyəti həyata keçirib və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurub.

"Azərbaycan Banklar Assosiasiyasına üzv banklar Mərkəzi Bankın müvafiq göstəriş və qaydalarını rəhbər tutaraq belə həssas məqamda intensiv şəkildə fəaliyyət göstərir, elan olunmuş pandemiya və neft qiymətlərinin kəskin enməsi fonunda xarici valyutaya yaranmış tələbatın ödənilməsi məqsədilə bütün qüvvələrini səfərbər edərək Azərbaycan Respublikası vətəndaşlarına yüksək xidmət göstərmək üçün səylərini əsirgəmirlər.

Təəssüf ki, bəzi möhtəkirlər şəxsi maraqlarını üstün tutaraq Azərbaycan qanunvericiliyinə, ölkənin iqtisadiyyatına və xalqın mənafeyinə zidd, eləcə də mənəviyyatdan uzaq olan belə hərəkətlərə yol verərək, görülən bütün bu işlərə və səylərə kölgə salırlar.

Azərbaycan Banklar Assosiasiyasının üzvləri bu kimi hərəkətləri yolverilməz hesab edir və şiddətlə qınayır, müvafiq dövlət orqanlarının və ictimaiyyətin birbaşa iştirakı ilə bu cür qanunazidd hallarla mübarizəyə hazır olduğunu bildirir", - deyə məlumatda vurğulanıb.

Oxşar yazılar