Koronavirus onlayn statistika

Azərbaycanda dövlətə ziyan vurmuş iş adamına hökm oxundu

“Günəş” Kooperativinin təsisçisi Xaləddin Yarıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Demokrat.az-ın xəbərinə görə, Xaləddin Yarıyev “Türkan II” əhəngdaşı yatağında “Günəş” kooperativinə ayrılmış 5 hektar və Abşeron rayon İcra Hakimiyyəti başçısının 3 fevral 2015-ci il tarixli, 42 nömrəli Sərəncamı ilə “Türkan Üzümçülük Sovxozu” ərazisində öz adına ayrılmış 15 hektar əhəngdaşı yatağında 2012-ci ildən başlayaraq 2 avqust 2018-ci il tarixədək olan müddətdə lisenziya olmadan qanunsuz dağ-mədən qazma işləri aparıb.

 

O, 43808 m3 əhəngdaşı istehsal edib və mişardaşı məhsulu kimi satıb.

 

Bununla da dövlətə və təbiətə külli miqdarda 337321,6 manat məbləğində ziyan vurub.

 

İstintaq orqanı tərəfindən Xaləddin Yarıyevin barəsində Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq, külli miqdarda ziyan vurduqda), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

 

Abşeron rayon Məhkəməsinin hökmü ilə Xaləddin Yarıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 4 il 6 ay 11 gün müddətinə şərti cəza təyin olunub.

 

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror birinci instansiya məhkəməsinin hökmündən Cinayət Məcəlləsinin 70-ci maddəsinin xaric edilməsini, Xaləddin Yarıyevin həbs edilməsini istəyib.

 

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

 

Qərara görə, prokurorun protesti təmin olunmayıb.

 

Fariz Məlikli

Oxşar yazılar