Koronavirus onlayn statistika

Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə Baş nazir sərəncam imzalayıb.

Sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə bildirib ki, Tədbirlər Planı üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir:

"İqtisadi artıma və sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsait ayrılıb. Orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcək. Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümümi məbləği 115 milyon manat təşkil edir.

Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir.

500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat artırılacaq".

Vüsal Qasımlı bildirib ki, dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq:

"Qeyri-neft məhsullarının ixracının artırılması üçün malların ixrac qeydi ilə satışı, yerli istehsalı olmayan idxal məhsullarına gömrük rüsumu güzəştlərinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin sürətləndirilməsi nəzərdə tutulur.

Post-pandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri bunlar olacaq: tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi. Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq.

Post-korona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanimzinin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Bu Korporasiya strateji layihələr portfelinin uzunmüddətli idarə olunmasını, yeni layihələrin işlənməsini, investorların cəlb edilməsini və pilot layihənin həyata keçirilməsini təmin edəcək.

Həyati vacib sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək. Məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır.

50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub.

Sonuncu istiqamət makroiqtisadi və maliyyə sabitliyi adlanır. İri maliyyə tutumu olan tədbirlər planını həyata keçirmək üçün yeni makroiqtisadi çərçivə hazırlanmalıdır. Fiskal siyasətdə ediləcək dəyişikliklərə uyğun olaraq monetar siyasətin qarşısında yeni vəzifələr dayanır. Mərkəzi Bank zərər çəkən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə banklara requlyativ tətil verəcək. Ölkənin maliyyə-bank sektorunda sabitliyin qorunması təmin ediləcək.

Bütövlükdə, Tədbirlər Planının qarşısında əsas vəzifə əhalini və sahibkarları pandemiyanın mənfi təsirlərindən qorumaq, iqtisadiyyatın funksionallığını saxlamaq və post-pandemiya dövründə yeni iqtisadi artım modelini tətbiq etməkdir. Tədbirlər Planı çərçivəsində Prezident Sərəncamı ilə ayrılan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin olunacaq. Digər mənbələrə İşsizlikdən Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunu aid etmək olar.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə alanda, Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır.

Bundan başqa postsovet məkanında korona-böhran səbəbindən devalvasiyaya uğramayan yeganə valyuta olan manatın sabitliyi üçün təkcə bu ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Məqsəd ölkəmizi post-korona dövründə daha əlverişli mövqelərə çıxarmaqdır".

BAKU.WS

Oxşar yazılar