Koronavirus onlayn statistika

Bu gün üzdə görünən koronavirusdan daha təhlükəli bir proses gedir

"Bu gün üzdə görünən koronavirusdan daha təhlükəli bir proses gedir. Dünyanı psixoloji problemlər epidemiyası götürüb. Depresiyalar, insanların müxtəlif psixoloji sıxıntıları və sarsıntıları, təşviş, fobiya, qorxu, həyəcan həddindən ziyadə çox artıb".

Psixoloq Elmir Əkbər belə bir həyəcan təbili çalıb.

BAKU.WS xəbər verir ki, psixoloq karantin rejiminin yaz aylarına təsadüf etməsinin daha ağır nəticələrə səbəb olduğunu və olacağını bildirib:

"İnsan sosial varlıqdır, evdə oturmaq üçün yaradılmış canlı deyilik. Karantin rejimi ancaq daha böyük təhlükənin qarşısını almaq üçün atılan vacib qərardır. 

Yaz aylarının bütün psixoloji problemlərin, hətta intiharların artdığı bir dövrdür, çünki orqanizmdə müəyyən biokimyəvi proseslər baş verir. Bu gün bu prosesi ağırlaşdıran, insanları real qorxudan çox ciddi bir səbəbin olduğunu nəzərə alsaq, bu psixoloji problemlərin həndəsi silsilə ilə nə dərəcədə artdığını təsəvvür etmək çətin deyil".

Psixoloq insanları bu çətin günlərdə karantin rejiminə şıltaqlıq etməməyə, səbrli və dözümlü olmağa çağırıb: 

"Bəzi insanlar karantin rejimində şıtaqlıq edir. Virusa inanmaq, qəbul etmək istəmirlər. Başa düşmürlər ki, bizim virusa inanmağmız şərt deyil, virus özü bizi tapır. Virus real problemdir və karantin rejimi bütün dünyada tətbiq edilib. Evdən çölə çıxmamaq qadağası hər yerdə var. Şıltaqlıq etməyə gərək yoxdur, hər yer bağlıdır, evdən çıxıb nə edəcəksən? Boşuna üsyan etməyin. Gəlin, belə nəzərə alaq ki, ümumiyyətlə bütün dünyada qanun qəbul edilib ki, yadplanetlilər hücum edəcək, evdən çölə çıxmayın. Özümüzü bu rejimə adaptasiya etməliyik".

Zülfiyyə Qurbanova
BAKU.WS

Oxşar yazılar