Koronavirus onlayn statistika

İki qutu makaron, bir litr yağ, yaxud xeyriyyə və ya özünüreklam

Kubra Məhərrəmova yazır...

Deyiblər ki, sağ əlin verdiyini sol əl bilməli deyil. Məncə də, bilməli deyil... Çünki kiminləsə çörək bölürsənsə, bunu məcburən etmirsən, ürəyin istəyir, bölürsən. Ürəyin istəyib edirsənsə, bunu niyə hər küçədə qışqırıb deyəsən ki?

İndi dəb düşüb, iki qutu makaronu, bir litr yağı alırlar əllərinə, gedirlər imkansız insanların qapısına. Qapını döyüb, iki qutu makaronu verirlər əllərinə və tez bir foto çəkib, paylaşırlar sosial mediada. O kəslər də bir söz demir. Onsuz da günü ilə, halı ilə razılaşıb. Bunlar da bir tərəfdən başlarının üstünü kəsdiriblər.

Sosial şəbəkədə də yazırlar ki, heç kim ac qalmalı deyil! Amma başlarına vururlar ki, bax, “sən acsan, mən də sənə iki qutu makaron, bir litr günəbaxan yağı gətirdim”...

Axı kim sizə o haqqı verib ki, insanları alçaldasınız? Kim sizə haqq verib ki, onların fotolarını çəkib, yazıq görkəmləri ilə özünüzü reklam edəsiniz?!

Kim sizə haqq verib ki, məsum körpələrin, ahıl anaların fotolarını öz hesablarınızda tirajlayasınız? “Uşaqlar ac qalmalı deyil” yazıb, özünüzə xal yığasınız.

Kasıblıq ayıbdırsa, onda özünüzdən utanın. Dünyanın ən kasıbı elə özünüzsünüz. Kasıblığınız zəiflərin hesabına özünüzü güclü, xeyirxah göstərməyinizdir. Ömür boyu bir işə yaramadığınız halda, bu çətin günlərdə özünüzü reklam etməyinizdir ayıb!

İndi dəb düşüb, hər yerindən duran özünə “xeyriyyəçi” deyir. İki qutu makaron, bir litr yağla “xeyriyyəçi” olmurlar. Hacı Zeynalabdin Tağıyev bəs kim idi? Peyğəmbər, ya imam?! Nə qədər fəqir-füqəraya çörək vermişdi rəhmətlik?1 Nə qədər tələbə oxutdurmuşdu? Nə qədər qıza-qadına təhsil, sənət vermişdi? Ayıbdır!

O qədər tanıdığım adamlar var ki, hərəsi 5-10 ailənin günlük ərzağını, kommunal xərclərini ödəyir. Eləsi var ki, buradan İtaliyaya pul göndərir, orada qalan tələbə uşaqlara. Heç səsini də çıxarmır. Deyir ki, ayıbdır, o uşağı alçaltmaq olmaz: “İndi vəziyyət çətindir, uşaqlar evdən çölə çıxa bilmir. İş yox, güc yox. Qoy narahat qalmasınlar. Biz buradan bacardığımızı edərik”.

O qədər tanıdığım var ki, sakitcə gedib bazarlıq edir, aparıb qoyur ehtiyacı olanların qapısında. Deyim ki, milyonçudur? Yox, sadəcə, düşünür ki, mən yeyirəm, qoy onun balası da yesin. Beş günlük dünyadır.

O qədər tanıdığım qürurlu insan var ki, ac qalır, amma səsini çıxarmır. Sabah başına vurmasınlar. Çünki görür, başqalarının başına necə vururlar. Qohum-qardaş sosial şəbəkədən onun iki qutu makaron, bir litr yağla fotosunu görməsin. Ayıbdır!

O qədər tanıdığım cavan uşaqlar var ki, bu çətin karantin günlərində özləri yığışıb, balaca komandaları ilə onlarla ailəyə yardım edirlər. Sosial şəbəkədə isə müraciətlər edirlər. Məqsədləri daha çox ianə toplamaq, daha çox ailəyə yardım etməkdir.

Hər gün də hesabat verirlər: nə qədər xərclədilər, nə qədər ailəyə baş çəkdilər. Fotolarda da insanların üzünü bağlayırlar. Heç kimin heysiyyətinə toxunmadan.

“Biganə qalma” komandasına təşəkkür etmək istəyirəm. Artıq 10 gündür aksiyaya başlayıblar. Maşınlarının və əllərindəki maddi imkanların limitli olmasına baxmayaraq, onlardan kömək istəyən hər kəsə yardım etməyə çalışırlar. Yeddi gün ərzində Bakı və regionlarda 1000-ə qədər ailəyə yardım ediblər. İstəsəniz, onları “Facebook”da tapa bilərsiniz: “Biganə qalma”.

İndi deyəcəksiniz ki, sən niyə bunları reklam edirsən? Reklam etmirəm, bu çətin günlərdə ehtiyacı olan kəslərə dəstək olmaq üçün sizi də bu hərəkata qoşulmağa dəvət edirəm. Ya da qoşulmayın, özünüz məhəllədə imkansız, zəif, xəstə, ehtiyacı olanlara dəstək olun.

Qoy, bu cavan uşaqların etdikləri sizə də stimul versin. Bu çətin günlər də geridə qalacaq. Necə ki çörək növbələrində durmuşuq, necə ki qaranlıq Bakıda böyümüşük, bu da keçəcək. Yadda isə o qalacaq ki, mənim balam evdə isti yemək yeyəndə, qonşunun da balasına bir qab isti yemək aparmışdım. Vəssalam.

Oxşar yazılar