Koronavirus onlayn statistika

Qərərgah təcili müraciət yaydı: Yoluxma dinamikası gündəlik artmaqdadır

Hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmamışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxmuş, 37 846 nəfər isə bu xəstəlikdən vəfat etmişdir. Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır. Təəssüflə bildiririk ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olmuşdur. Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər. Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir. Bildiririk ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etməsi, zərurət olmadıqda evdən çıxmamaq tələb olunur. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında isə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.

Oxşar yazılar