Koronavirus onlayn statistika

Rusiyada üsyan: Məhkumlar həbsxana binasına od vurdu - VİDEO

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində yerləşən 300 nəfərin saxlandığı həbsxanada üsyan başlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, gözətçilərin axtarış aparmasına icazə verməyən məhkumlar arasında əvvəlcə mübahisə yaranıb. Bundan sonra qarşıdurma yaranıb.

Qarşıdurma nəticəsində 1 məhkum qolundan yaralanıb. Bundan sonra 17 məhkum nəzarətçilərin məhkumlarla pis rəftar etməsinə diqqət çəkmək məqsədilə damarını kəsərək etiraz edib. Bunu eşidən digər kameralardakı məhkumlar da aksiyaya qoşulublar. Onlar təhlükəsizlik kameralarını qırıblar.

Nəticədə həbsxanada böyük üsyan başlayıb.

Rəsmi qurumlar üsyanı yatırtmaq üçün silahdan istifadə edib. Çoxlu sayda məhkumun yaralandığı deyilir.

Gecə saatlarında qarşıdurma böyüdükdən sonra məhkumlar həbsxananı yandırıblar.

Müəssisədə başlayan yanğına müdaxilə edən polislərin bir qismi həbsxanaya daxil olub. Bu zaman bəzi məhkumlar zərərsizləşdirilərək saxlanılıb. Polislər həbsxananın digər inzibati binalarına hələ də daxil ola bilmir.

Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Hazırda üsyanın yatırılması üçün əlavə tədbirlər görülür.

Rusiyanın İstintaq Komitəsi isə məhkumların pis rəftar səbəbindən üsyan başlatmaları iddialarını rədd edib. Faktla bağlı cinayət işi açılıb.


Oxşar yazılar