Koronavirus onlayn statistika

Siqaret çəkənlərin və içki içənlərin nəzərinə! - Həkimdən koronavirusla bağlı XƏBƏRDARLIQ

Son zamanlar mütəmadi olaraq sosial şəbəkələrdə və internet portallarında koronavirusla bağlı əsassız məlumatlar yayılır. Mövzunu azərbaycanlı alim, tibb üzrə fəlsəfə doktoru, ölkənin baş infeksionisti Cəlal İsayevlə davam etdirdik.

O,KONKRET.az-a açıqlamasında bəzi mühüm məqamlara toxundu.

Həmin müsahibəni sizə təqdim edirik:

– Cəlal həkim, siqaret çəkənlərin və spirtli içki qəbul edənlərin koronavirusa yoluxma riskinin olmadığı deyilir. Bu nə dərəcədə doğrudur?

– Hamı kimi bu şəxslər də virusa yoluxa bilər. Hətta deyərdim ki, onlarda bu risk daha yüksəkdir. Spirt də, siqaret də orqanizmin immun sisteminin zəifləməsinə səbəb olur, infeksiyalara qarşı dayanıqlılığı aşağı salır. Siqaretlə bağlı fikirlər isə tamamilə əsassızdır. Əksinə siqaret çəkənlərin bu virusa yoluxma ehtimalı daha yüksəkdir. Siqaret çəkmək ağciyərlərə mənfi təsir edir. Siqaretin tək xeyiri insanı qocalmağa qoymur, çünki tez öldürür.

– Açıq havada virusun yaşama prosesi necə gedir?

– Bu viruslar xarici mühit təsirlərinə davamsız, soyuğa isə davamlıdırlar. Yəni 37 dərəcə temperaturda 10-15 dəqiqəyə tələf olurlar, 56 dərəcədə isə  ani olaraq tələf olurlar. Üstəlik dezinfeksiyaedici vasitələrə qarşı da həssasdırlar. Amma hal-hazırda bayırda 5-6 dərəcə temperatur var. Bu hava şəraiti onlar üçün əlverişlidir. İsti havada, ilin isti fəsillərində bu xəstəliklərin yayılma ehtimalı  qat-qat aşağı düşür. Koronavirus yeni kəşf edildiyindən onun gələcəkdə fəsillərə görə necə dəyişəcəyindən hələlik məlumatımız yoxdur.

– “Körpə uşaqlarda immunitet sistemi güclü olduğundan virus onlara yaxın dura bilmir”. Bu fikirlə razısız?

– Xeyr! Körpə uşaqların az yoluxması və ya onların arasında virusa yoluxma hallarına olduqca az rast gəlinməsinə səbəb təmas hallarının az olması ilə əlaqədardır. Amma fakt budur ki, 19 yaşdan aşağı yaş qruplarında yoluxma halları çox aşağıdır. Təxminən 1 %-ə çatır.

– Açıq havada satılan meyvə-tərəvəz və ərzaq məhsulları vasitəsilə yayılma riski yüksəkdir?

– Nəzərə alsaq ki, bu virus əsasən hava və damcı yolu ilə yayılır. Ona görə də bu kimi hallar yolverilməzdir. Təkcə koronavirusla əlaqədar yox, digər xəstəliklərlə də bağlı küçələrdə açıq halda satılan meyvə-tərəvəz və ərzaq məhsullarındansa, qapalı yerdə satılan və saxlanılan məhsulların alınmasına üstünlük verilməlidir. Bu virus əsasən hava və damcı yolu ilə yayılır.

– Koronavirus hansı hallarda yaranır?

– Bu xəstəlik harada yaranıbsa, oradan gələnlər vasitəsilə yayıla bilər. Yəni koronavirus ölkəyə kənardan gələn virus daşıyıcıları vasitəsilə yoluxur və yayılır.

– Sarımsaq və soğanın bu virusa hər hansı bir əks təsiri var?

-Xeyr! Sarımsaq və soğanın orqanizmə müsbət təsiri var, amma koronavirusa qarşı heç bir təsir gücü yoxdur.

– Maska koronaya qarşı vasitə hesab oluna bilər? Birdə maskaların istifadə müddəti necə olmalıdır?

– Maska yalnız xəstələr üçündür. Xəstə taxmalıdır ki, sağlam insanlara keçirməsin. Sağlam da əgər insanların çox olduğu məkanlara getmək məcburiyyətindədirsə istifadə edə bilər.

Maskaların növləri çoxdur. Ən çox yayılanları bir tənzifli, bir də təkmilləşdirilmiş maskalardır.

Tənzifdən olan maskalar 2 saatdan bir yenisi ilə əvəz edilməlidir.

Təkmilləşdirilmiş maskalar isə günün sonunda atılmalıdır. Yenisi ilə əvəz olunmalıdır.

– İnsanlara tövsiyyələriniz nədir?

– Açıq havada toplu şəkildə gəzməsinlər;

Bir-birinə qonaq getmək prosesini müvəqqəti dayandırsınlar;

İctimai nəqliyyatdan istifadəni müəyyən qədər azaltsınlar;

Əllərini mütəmadi olaraq yusunlar, tez-tez spirtlə dezinfeksiya etsinlər;

8 saatlıq yuxu rejiminə riayət etsinlər;

Qidalanmalarına fikir versinlər. Ekoloji cəhətdən təmiz və sağlam qidalara üstünlük versinlər;

Stressdən uzaq olsunlar və bacardıqları qədər komputer və mobil telefonlardan istifadəni azaltsınlar.

Dövlətimizin hazırladığı tədbirlər planı kifayət qədər güclüdür. Hər kəs bu tədbirlərə qayda-qanuna riayət etsə tezliklə həyat öz axarına düşəcəkdir.

Fəqan MUXTAR

Oxşar yazılar